Nizami Gəncəvi Bərdə haqqında

Nizaminin yaradıcılığı bütöv bir tarixdir. Azərbaycan xalqının qədim tarixini, xüsusilə bu tarixin m.ö dövrlərini öyrənmək üçün Nizaminin zəngin bədii irsi tükənməz mənbədir. Bu mənbədən çox şey götürə, tariximizin hələ açılmamış qaranlıq səhifələrini aça və işıqlandıra bilərik.
Nizaminin qələmə aldığı tarixi qəhrəmanlar və bunlarla əlaqədar təsvir etdiyi hadisələr şair təxəyyülünün məhsulu olmayıb, məhz mövcud tarixi şəxsiyyət və hadisələrin bədii gerçəkliklə tərənnümüdür. İskəndərin Azərbaycana gəlməsi, Nüşabə ilə görüşü, Şirvandan keçib Dərbəndə getməsi, türk xalqları ilə diplomatik əlaqələri, sülh-dostluq müqavilələri, əhd-peymanları, Orta Asiyaya, Çinə səfəri və sair də Nizamiyə məlum olan mötəbər tarixi dəlillər, həqiqətlər idi və bunları inkar etmək üçün, hələlik heç kəs, heç bir tədqiqatçı ortaya tutarlı fakt-dəlil çıxara bilməyib. Bu həqiqəti təsdiq üçün isə tarixdə kifayət qədər dəlillər vardır.
Makedonyalı İskəndərin zamanında, əlbəttə, ayrıca Azərbaycan, onun adı yox idi. azərbaycan adının ilk şəkli olan Atropatena və müstəqil Atropat hökmdarlığı vardı; Azərbaycan adı sonralar, təxminən bizim eranın əvvəllərindən ortaya çıxır, tarixi mənbələrə düşür. Məs.: F.Simokattada bu ad Aderbayqan// Adərbayqan şəklində dörd yerdə xatırlanır [56, s. 98, 105, 109, 114]. Artıq VI-VIII əsrlərdə Azərbaycan müstəqil ölkə idi. adı da müəyyən idi,.. onun yenilməz Bayandur xan hakimiyyəti vardı [60, s.40]. VII-IX əsrlərdə bu ölkəni bütünlüklə ərəblər istila etdi; XII əsrdə isə qüdrətli Atabəylər dövləti yarandı… Eradan əvvəlki IV-III əsrlərə Nizami məhz XII əsrin gözü ilə baxmış, tarixi faktların və ağlının məntiqi ilə əsərinə "İskəndərin Azərbaycana gəlməsi" fəslini daxil etmişdi; o vaxtlar hələ ölkənin adı yox idisə də, torpaq haman torpaq, xalq əsasən haman xalq idi.
Nizamidə təsvir olunan hadisələr - İskəndərin Azərbaycana hərbi yürüşü, Bərdədə olması, Nüşabə ilə görüşü və b.k. bədii həqiqətlər tarixi həqiqətlərlə səsləşir, bir-birinə uyğun gəlirsə, bununla tariximizin hələ də qaranlıq qalan səhifələri işıqlandırılır, müəyyən mənada açılmış olur. Problemin ciddiliyi də, tarixi-elmi əhəmiyyəti də bundadır. Nizami "Dastanın xülasəsi…" fəslində açıqca yazır ki, o, tarixləri dönə-dönə vərəqləmiş, "ən qədim tarixi əsərlərdən" yəhudi, nəsrani, pəhləvi kitablarından "köhnə nüsxələri" əsas almış, "ən doğru" saydığı sözləri seçmiş, "doğru olmayan sözlərdən qaçmışdır".
Nizami əmin idi ki:
"Ən kəskin qələmlə ciddi yazılan,
Dastanımda yoxdur, azacıq yalan" [11, 29]
"İskəndərnamə"də şairin bilib-eşitdiyi rəvayət və əfsanələrdən istifadə etdiyinə bircə işarə, bircə eyham belə yoxdur; əksinə, şair açıqca deyir ki:
"Yazsaydım hər bilib, hər eşidəni
Yalana çəkərdi sözün yüyəni" [11, s. 43]
Nizami tarixi hadisələri, oxuduğu və eşitdiklərini seçməkdə, saf-çürük etməkdə ağıl və zəka sahibi idi; məs., "İskədərnamə"də İskəndərin doğuluşuna, əsil-nəsəbinə dair söylənilən rəvayətləri xatırlayıb bunları rədd edir; məsələyə münasibətini bildirir:
"Bunlarda həqiqət görmədim bir az,
Tarixçi bunları qələmə almaz" [19, s.63]
deyə özünü tarixçi sayır və məsələyə münasibətini bildirir, əsl həqiqəti söyləyir.
"Doğrusu budur ki, bilir hər diyar
Feyləqus oğludur böyük tacıdar" [19, s.63]
Biz Nizaminin poeziyasına - ağlına, zəkasına inanırıqsa, müraciət etdiyi dəlillərin də tarixiliyinə inanmalı, bu dəlillərə ciddi münasibət bəsləməliyik.
Nizaminin İskəndərin Azərbaycana yürüşü ilə əlaqədar verdiyi bəzi bədii həqiqətlərə, dəlillərə diqqət edək və bunları tarixi həqiqətlər və dəlillərlə tutuşduraq.
İskəndər Bərdə (e.ə. hürum /horum/) padşahı Nüşabə ilə görüşür… sonra Şirvandan keçib, dərbəndə səfər edir:
"Elə ki, Əlburzə yol aldı ordu,
Hər yerdə şahdan bir naib oturdu.
Bu çətin yollarda heç yorulmadan,
Ovçu aslan kimi keçdi Şirvandan
Açaraq öz istək qol-qanatını,
Oradan Dərbəndə sürdü atını"[11,s. 223].
Dərbənd ətrafında dağlılar "qıpçaqların dəhşətli basqınları"ndan şikayətlənib İskəndərdən kömək istəyirlər. İskəndər "Dərbəndə böyük səd çəkdirir"; o, qıpçaq çöllərinə yön alır; "köçərilər", "çöl xalqı" adlanan qıpçaqların hökmdarı ilə görüşür; İskəndər ordusu "qıpçaqla qaynaşan boz çöllər görür" [11, s. 229, 309] və hb.
Y.E.Bertels İskəndərin Azərbaycana gəlməsi, Nüşabənin yanına getməsi və Dərbənddə intizam yaratması epizodlarını xatırladaraq yazır: "Nizaminin əsərlərində elə dəlillərə rast gəlirik ki, onların mənbələri məlum deyildir. Görünür ki, Nizami Azərbaycan xalq rəvayətlərindən istifadə edirdi. İskəndər haqqında əfsanə indiyə kimi Azərbaycan xalqının dilində dastan olmuşdur. Nizaminin bu mövzunu seçməsi faktının özü də göstərir ki, onun zamanında da bu rəvayətlər vardı" [11, s. IX].
Rəvayət elə-belə, öz-özündən yaranmır. Əgər İskəndər haqqında "Nizaminin zamanında da rəvayətlər vardı"sa, bu rəvayətlərin tarixi, kökü, əsası da olmalı idi… Nizami də məhz bu kökə, əsasa istinad etmiş, ilk və "ən qədim tarixi" mənbələrə əsaslanmışdı. Nizaminin bədii şəkildə təsvir etdiyi hadisələr real tarixi hadisələrdir. İskəndər Qafqaza, Azərbaycana (habelə Gürcüstana), Uyğur ellərinə gəlmiş, xaqanlarla diplomatik münasibətlərdə olmuşdur. Bərdəyə də gələ, Şirvandan keçib dərbəndə də gedə bilərdi…
Makedoniyalı İskəndərin Qafqaza, Atropatenaya və Albaniyaya, yəni Azərbaycana səfərini tarixi mənbələr təsdiq etməkdədir. Hələlik, bizə məlum olan mənbələr aşağıdakılardır:
Yunan mənbələri. Flavi Arrian (II əsr), "İskəndərin yürüşləri" (yeddi kitab) əsərində "Eradan əvvəl IV əsrdə Alban qəbilələri və sakasenlərin Makedoniyalı İskəndərə qarşı çıxdıqlarını xatırladır; Atropatın İskəndərə yüzlərlə amazon qızlar bağışladığını söyləyir" [27, s. 222-223].
"Albaniya tarixi"ndə Mesrop Moştosun xristiyanlığı təbliğilə əlaqədar deyilir: "O, Udi ölkəsində, Albaniyada, Lipin və Kaspidə, Çor keçidləri vilayətlərində və başqa, Makedoniyalı İskəndərin əsir edib apardığı və böyük Qafqaz dağlarının ətrafında yerləşdirdiyi tayfalar arasında, qarqarlar, kamiçyentaqlar arasında, onların çoxdan qəbul etdikləri, lakin unutduqları allaha inam adətlərini öyrənərək, onların inamlarına müraciətlə öz İncil moizələrini yayırdı" [46, s. 49] - Kursiv bizimdir.
Siriya - nəsrani mənbələri. Burada Makedoniyalı İskəndərin Şərqə səfərindən danışılır; Dərbənd keçidindəki dəmir qapıların tikilməsi onun adına yazılır: "Makedoniyalı Filippin oğlu İskəndər fədakarlıq göstərib dünyanın axırınadək getmiş və hunlar daha (cənuba) keçib ölkəni qarət edə bilməsinlər deyə bu şimal küləyinin qabağını kəsmiş - dəmir qapılar dikəltmişdir" [65, s.38].
Gürcü mənbələri. Bu mənbələr İskəndərin Qafqaza səfəri, Gürcüstanda olması ilə əlaqədar daha ətraflı və daha dəqiq məlumatlar verir. XII əsrdə yazılmış gürcü salnamələrində deyilir: "Makedoniyalı İskəndər qərbdən zühur etmiş, cənuba getmiş, şimala yönəlmiş, Qafqazdan keçmiş və Gürcüstana gəlib çıxmışdı" [35, s. 1-6]. Salnamə davam edir: "İskəndər padşah Lota nəsli evladlarını sıxışdırıb şimal ölkəsinə geri çəkilməyə məcbur edərkən o, əvvəlcə Kür çayının axarı üzrə yaşayan sərt buntürk tayfaları və Kürün ətrafındakı dörd şəhərlə qarşılaşdı. O, Sarkine, Kaspi, Urbnisi, Odzraxe şəhərləri və onların bu qalaları: Sixedidi, Sarkine qalası, Uplis-sixe, Kaspi qalası, Urbnis və Odzraxe qalaları ilə üz-üzə gəldi" [35, s. 1-6].
Belə anlaşılır ki, Sarkine və Kaspi qalaları buntürklərə məxsusmuş və əsası onlar tərəfindən qoyulmuşdur. Kaspilər qədim iskit-türk tayfalarındandı, odur ki, şəhər-qala adı kimi Kaspi sözünün özü burada az söz demir, bu şəhər-qalaya, təbii olaraq, onlar öz adını qoymuşlar. Demək, kaspilərin orada mövcudluğu tarixi daha qədim, m.ö IV əsrdən əvvəl imiş və gürcülər kaspiləri, habelə buntürkləri yaxşı üzdən tanıyırdılar, onların mərdliyi, igidliyi və qocalığına bələd idilər ki, bərk ayaqda onlara arxalanır, sığınırdılar. Salnaməni gürcü dilindən ruscaya tərcümə edən Y.S.Takayşvili bu münasibətlə çıxarışda belə bir qeyd verir: "Gürcü salnaməsi Kartlis Sxovrebanın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcəkdə fars hökmdarı Keyxosronu və ya Keyxosroyu öz sərhədlərindən sıxışdırıb çıxarmaq üçün Kurgen, yəni Kaspi dənizindən Kür çayı boyunca yuxarı yeriyərək Msxetiyə 28 (başqa varianta görə 28000) ailə gəldi. Msxeti mamasaxli və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi ilə farslara qarşı mübarizədə öz köməklərini vəd edən buntürklər Msxetidən qərbdə qaya kahalarında yerləşdirildi. Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası dəmir tapılan yer deməkdir" [35, s. 1-6].
Yenə "Salnamə"də deyilir: "O (İskəndər) onları (buntürkləri) şəhərlərdən sıxışdırmaq istədi, amma onların alınmaz qalaları, habelə möhkəm bərkidilmiş şəhərlərilə qarşılaşdı, o vaxt bunu edə bilmədi" [35, s.1-6]. Daha sonra: "Bizim salnaməyə görə, Makedoniyalı İskəndər Gürcüstana iki dəfə daxil olmuşdur. Birinci dəfə o, buntürkləri məğlub edə bilmədi, amma ikinci dəfə onları məğlubiyyətə uğratdı. Bir müddət sonra dünya padşahı İskəndər üç şəhəri və qalanı, habelə silahlı hunları məğlub etdi. O, təkcə Sarkine şəhərilə on bir ay vuruşdu… sonra Sarkineni aldı; həmin buntürklər şəhəri tərk etməli oldu və oradan yığışıb getdilər" [35, s.1-6].
"Salnamə"də tez-tez müraciət edilən "buntürk" sözü və bu sözə tərcüməçinin mənbələrə əsaslanaraq verdiyi şərh xüsusilə diqqəti cəlb edir: "Buntürk sözü iki sözdən ibarətdir: "bun" gürcücə "buni" və "türk" gürcücə "turki". İkinci sözün mənası məlumdur, turanlıların adı, türk mənşəli adam deməkdir. Birinci söz Savvi-Sulxan Orbeliani lüğətində, habelə D.Çubinovda nizə tutacağı mənasında izah olunur. bu söz gürcücə deyil; görünür, gürcü dilində o, həmişə nizə mənasını verib; axı elə olur ki, əşyanın bir hissəsinin adı həmin əşyanın özünə köçürülür. Belə bir fikrə əsaslandıqda "bun-türk" nizəli türklər mənasını vermiş olur" [35, s. 1-6].
"Qədim türk lüğəti"ndə (DTS-da) "bun" sözünün türk mənşəli söz olduğu və qədim uyğur kitabələrində işləndiyi, əsas, özül, təməl, bünövrə mənalarını verdiyi göstərilir [33 a, s.124]. Belə olan surətdə m.ö VI-IV əsr buntürkləri "əsas türklər", "əsl türklər","özül türklər"… mənalarına tam uyğun gəlir.
Buntürklər Azərbaycanda təsadüfi və gəldi-gedər xalq deyildi, onlar məhz m.ö 530-cu illərdə Araz üstündə Kirin başını kəsib qan tuluğuna atdırmış Tomirisi ananın övladları və ya Azərbaycan torpağında b.e.-nın VI-VII əsrlərində "Dədə Qorqud"u - "Oğuznamə"ni yaratmış xalqın babaları idilər ki, onların bir hissəsi müəyyən razılıq əsasında m.ö VI əsrdə gürcülərə köməyə gedibmişlər. Bu faktlar Azərbaycan-gürcü ictimai-siyasi əlaqələrinin də çox dərin kökləri olduğunu, habelə indi Gürcüstan ərazisində yaşayan azərbaycanlıların orada məskunlaşması tarixinin məhz m.ö VI əsrdən gec olmadığını təsdiq edir. Ehtimal ki, qədim gürcülər İran qəsbkarlarına qarşı mübarizədə qüvvələri birləşdirmək, Kirin (və ya Keyxosrovun) başını əzmək məqsədilə qonşu xalqın Azərbaycan buntürkləri içərisindən 28000 ailəni dəvət etmiş, onları qədim Msxetinin qərbində, Kürün sağ və sol sahil yarqanları boyunca yerləşdirmiş və bu tarixi faktı "Salnamə"lərinə də salmışlar. Bu o tarix idi ki, artıq qeyd edildiyi kimi, İran şahı Kir (Keyxosrov) Araz hökmdarı Tomirisi hədələyir, müxtəlif fənd və hiylələrlə Azərbaycan torpağını zəbt etmək istəyirdi. Məhz bu təhlükəyə qarşı gürcülər də tədbirlər görmüş, hazırlanmış və Kaspi-Kür boyunca sakin olan turanlıları köməyə dəvət etmişdilər…
Lakin tarix elə gətirmiş ki, Araz üzərində düşmənin başı əzilmiş, təhlükə sovuşmuşdu; buntürklər isə orada qalıb mütəmadi olaraq qala və istehkamları möhkəmlətmiş və təxminən iki əsr, sonra Makedoniyalı İskəndərin qoşunlarına qarşı dayanmalı olmuş, son nəfəsədək öz qüdrətini nümayiş etdirmişlər.
Nizaminin təsvirinə görə Azərbaycanda da İskəndəri bu döyüşkən xalq qarşılamışdı. Nizami bunu tarixi həqiqətə əsaslanaraq yazmışdı. Yəqin ki, Sarkine qalasında ciddi müqavimətə rast gələn və məğlubiyyətə uğrayan Makedoniya fatehi Bərdədə bu xalqla, Bərdə padşahı Nüşabə ilə, habelə Orta Asiya türk xalqları ilə ehtiyatla davranmalı, onlarla hesablaşmalı olmuşdu… Beləliklə, mövcud tarixi qaynaqlar Nizaminin tarixi hadisələrə münasibətdə məhz böyük sədaqətini təsdiq edir. Qədim türk mənbələri. Mahmud Kaşğarlının m.ö IV əsr yunan-türk münasibətlərinə dair xatırlatdığı və Nizaminin "İskəndərnamə"də istifadə etdiyi dəlillərlə tam uyğun gələn məlumatları da bu tarixi həqiqətlərlə səsləşir. Mahmud Kaşğarlı yazır:
"Türk xaqanı vuruşmaq üçün Zülqərneyin üzərinə gənclərdən ibarət bir bölük əskər göndərir. Xaqanın vəziri ona deyir: "Sən Zülqərney qarşısına gəncləri göndərdin, onların içərisində sınanmış təcrübəli, döyüşkən adamların olması lazımdır" [61, I, s. 99].
Belə anlaşılır ki, Xaqan vəzirin sözünə əhəmiyyət vermir, məhz İskəndərin qarşısına gənc, təcrübəsiz qoşun göndərməklə, ona "həddini tanıtmaq" istəyir, onunla barışır və bu həqiqəti Nizami də "İskəndərnamə"də verir. Mahmud Kaşğarlı davam edir:
"Zülqərney türk xaqanı ilə barışdıqdan sonra şəhərlər saldırmışdır. Zülqərneyin saldırdığı "Sülmi", "Qoçu", "Canbalıq", "Beşbalıq", "Yenibalıq" adlı şəhərlərdir" [61, I, s.112].
Əgər bu şəhər adları İskəndər zamanından qalmadırsa, sırf türk mənşəli sözlər kimi türk xalqlarının tarixində müstəsna əhəmiyyəti ola bilər. İskəndərin türk ellərində şəhərlər saldırması, hətta bəzi müasir məşhur şəhərlərin İskəndər tərəfindən əsası qoyulduğu fikri eynilə Nizamidə də var. hələ "İskəndərnamə"nin başlanğıcında, "Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi" fəslində Nizami yazmışdı:
"Hinddən başlayaraq Yunana qədər,
Hər yerdə tikdirdi böyük şəhərlər.
Səmərqənd şəhrinə o verdi zivər,
Cəndi də tikdirmiş böyük İskəndər.
"Həri"də yadigar qalmışdır ondan
Varmıdır belə bir məmləkət quran?!
Dərbəndi deyirlər İskəndər qurdu
Əqliylə o şəhrə böyük səd vurdu…" [11, s. 41].